Sabah bütün kimliklərimiz əlimizdən alındıqda, bizdən geriyə nə qalacaq?

Əgər "mən" bir illüziyadırsa, o zaman "Ənəl Həqq" dedikdə nə başa düşməliyik?

Əsrlər boyu bu ifadə müxtəlif formatlarda şərh olunub. Dövrün istibdad hakimiyyətinə yaxın, at eynəyi taxmış alimlər ordusu bu ifadəni quru bir səs küy ilə "Mən Allaham" kimi tərcümə edib və Həllacı Mənsuru kafir elan ediblər. Təbii ki, dövrün bütün həqiqi aşiqləri kimi Həllac da edamdan qaça bilməyib (əslində isə qaçmayıb).
Mənsur Həllac türk toplumlarının İslamı qəbulunda müstəsna rol oynamış, dövrün ən irəli gələn mütəfəkkirlərindən biri olaraq heç bir vaxt insanı tanrılaşdırmamışdı. Əksinə, o, insanın fərdi məninin mütləq həqiqət qarşısında kiçicik bir kölgə olduğunu müdafiə edirdi. Bildirirdi ki, insan müstəqil bir varlıq deyil ki, onun məni də müstəqil olsun.
Təsəvvüfdə "fəna" məqamı var. Bu məqamda axtarışda olan salik özünün bütün adlarından, eqolarından, hətta fərdi mənindən xilas olur. Bu xilas anında o, mütləq həqiqətdə əriyir, həll olur. "Ənəl Həqq"  məhz bu vəziyyətdə söylənən sözdür. Artıq danışan insan deyil, onun varlığı timsalında dilə gələn mütləq həqiqətin özüdür.
Həllac haqqında müxtəlif fikirlər var; siz buna rəvayət, nağıl və ya hikmətli söz də deyə bilərsiniz. Mənbələrdə Mənsur Həllac və Cüneyd Bağdadi arasında baş verən məşhur hadisə "zahiri şəriət və batini həqiqətin qarşılaşması" kimi şərh edilir.
Günlərdən bir gün Həllac mənəvi coşğu (vəcd) halında ikən gəlib mürşidi Bağdadinin qapısını döyür. İçəridən sual gəlir:
— Kimdir o?
Cavab gecikmir:
— Ənəl Həqq!
Cavabı eşidən Cüneyd Bağdadi qapını açır və Mənsura baxaraq onun bu mənəvi "sərxoşluğunun" şəriət qanunlarına (zahiri) uyğun olmadığını bildirir. Ona ciddi şəkildə xəbərdarlıq edir: "Sən bu sözlərinlə elə bir od qalamısan ki, bu od sonda səni yandıracaq. Bu gedişlə səni edam edəcəklər!"
Həllac isə batini elmin verdiyi arxayınlıq və Yara duyduğu daimi sevginin əminliyi ilə cavab verir: "Mənim edam fərmanımı yazan və ora ilk imzanı atan da sən olacaqsan".
Vaxt ötüşür, zaman yetişir. Həllacın fikirləri Bağdad üləmasının narahatlığını pik həddə çatdırır. Sonda ona qarşı şəriət məhkəməsi qurulur və dövrün tanınmış din alimlərindən fətva tələb olunur. Dövrün xəlifəsi həm zahiri, həm də batini elmlərə eyni dərəcədə vaqif olan, cəmiyyətdə böyük nüfuza sahib Cüneyd Bağdadidən də bu edam fərmanını imzalamağı tələb edir.
Bağdadi Mənsurun mənəvi halını (batinini) bilsə də, cəmiyyətin nizamını qorumaq və görünən qanunlara tabe olmaq məqsədilə özünün məşhur təsəvvüfi-hüquqi prinsipini bəyan edərək imza atır: "Biz zahirə (görünən qanunlara) görə hökm edirik. Batini (daxili dünyanı) isə ancaq Allah bilir. Şəriətə görə onun qətli vacibdir."
Beləliklə, Mənsur Həllacın illər öncə o qapı ağzında dediyi həmin öngörmə eynilə gerçəkləşir.
Mənsur Həllacın darağacına doğru atdığı hər addım, sadəcə fiziki bir yox oluş deyil, fəlsəfi və mənəvi bir zirvəyə doğru ucalış idi. Onun edam meydanındakı son anları formal din anlayışı ilə mütləq sevginin ən kəskin toqquşma nöqtəsidir.
Həllac edama gedərkən daşın üstündə dayanıb azan oxuyan müəzzinə baxacaq və bəlkə də tarixin ən ağır mənəvi tənqidini edəcəkdi: "Ən aşağı alçaq! Sən oxuduğun o sözləri qəlbdən desəydin, ayaq basdığın o daş paralanardı!"
Bu ittiham, formallığa bürünmüş, lakin mahiyyətini itirmiş bir inanc sisteminə qarşı fəlsəfi üsyandır. Müəzzin müqəddəs sözləri təkrarlayır, lakin o sözlərin daşıdığı mütləq varlığı hiss etmirdi. Həllaca görə, idrak olunmayan hər bir müqəddəs kəlmə ruhsuz bir əks-səda və mənəvi saxtakarlıqdan başqa bir şey deyil.
Bu sərt mənəvi üsyandan dərhal sonra Həllac, qan və nifrət qoxuyan o meydanda iki rükət namaz qılmaq üçün ayağa qalxdı. Bu namaz, İslam fəlsəfəsindəki "fənafillah" (Allahda yox olmaq) məqamının vizual təcəssümü idi. Çünki o, hər kəsin qorxu və intiqam hissi ilə dolub-daşdığı bir anda, mütləq bir sakitliklə Haqqa yönəlirdi. Onun qıldığı bu son namaz, ölüm hökmünü icra edən kütlənin dünyəvi qanunlarına deyil, yalnız və yalnız mənsub olduğu Mütləq Yaradıcının iradəsinə tabe olduğunun sübutu idi. Zamanın və məkanın fövqünə ucalan bu ibadət, cisminin paralanmasından öncə ruhunun azadlığa qovuşmasının elanı idi.
Həllacın fəlsəfəsini ən ali nöqtəyə daşıyan hadisə isə, onu daşqalaq edən, linç edən kütlə üçün etdiyi o sarsıdıcı dua oldu: "Allahım, onları əfv et, onlara mənə görə cəza vermə. Çünki onlar Sənin rizanı qorumaq üçün məni daşlayırlar, mənim isə Səndən başqa heç kimim yoxdur."
Bu cümlələr fəlsəfədə subyekt və obyektin tamamilə silindiyi mütləq şəfqət məqamıdır. Həllac onu öldürənləri düşmən kimi görmürdü; o, bu qövmü mənəvi korluğun və zahiri şəriət fanatizminin qurbanı kimi qəbul edirdi. Onlar öz ağılları çərçivəsində "küfrlə" mübarizə apardıqlarını zənn edirdilər. Həllac isə bu cəhaləti mütləq bir sevgi və bağışlama ilə cavablandıraraq, insani eqonun necə tamamilə yox edilə biləcəyini bütün bəşəriyyətə nümayiş etdirdi.
Mənsur Həllacın son anları bizə dinin təkcə formal qaydalardan, quru kəlmələrdən və qorxudan ibarət olmadığını xatırladır. Azan oxuyan müəzzinin ruhsuzluğu ilə Həllacın onu linç edən qövm üçün etdiyi dua arasındakı uçurum, əslində dinin zahiri (görünən) tərəfi ilə batini (fəlsəfi özü) arasındakı fərqdir. Həllac cismani olaraq bu dünyadan getdi, lakin onun darağacında ucaltdığı o mütləq sevgi şəriət divarlarını aşaraq bəşəri bir həqiqətə çevrildi. O, bədəninin paralanması bahasına olsa da, insanlığa daxili saflığın və ilahi eşqin dərəcəsini öz qanı ilə sübut edən ən böyük mistik filosoflardan biri olaraq tarixə düşdü.


Yorumlar